Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin açılışında iştirak ediblər.
1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə təmir işləri aparılmışdı. Ötən ilin oktyabrında isə Fondun dəstəyi ilə binada əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdı. Körpələr evinin binası tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb.
Mehriban Əliyeva körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış olub. Uşaq tərbiyə müəssisəsi bütün standartlar nəzərə alınmaqla yenidən qurulub, müasir çarpayılar və oyuncaqlarla təmin edilib. Burada uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə əyləncə qurğuları da quraşdırılıb.
Mehriban Əliyeva müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlanıb. Birinci xanıma məlumat verilib ki, burada valideyn himayəsindən məhrum olan 3 yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm surətdə tibbi müayinədən keçirilir və hazırda səhhətlərində heç bir problem yoxdur.
Körpələr evində ərzaq təminatı məsələsinə də toxunan Mehriban Əliyeva uşaqların vaxtında və sağlam qidalanmalarının vacibliyini vurğulayıb.
Körpələr evində yaradılmış şəraitdən məmnun qalan Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə ediblər.