Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
IDEA İctimai Birliyi “Beynəlxalq Təmizlik Həftəsi” ilə əlaqədar “Təmiz Şəhər” ASC ilə birlikdə Buzovna çimərliyi ərazisində könüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırmasına əsasən, Buzovna sahillərinin Bakının ən çox çirkləndirilən çimərliyi olduğu aşkar edilib. Məhz bu səbəbdən təmizlik aksiyası həmin ərazidə həyata keçirilib.
“Təmizlik həftəsində təbiət üçün birgəyik” şüarı altında keçirilən aksiyanın məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub. Belə ki, Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi dəniz ətraf mühitinin, xüsusilə zəngin canlı aləminin məhvinə səbəb olur.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də dəniz mövsümündən sonra sahillərdə müşahidə olunan yüksək dərəcəli çirklənməni nəzərə alaraq, IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə bu cür sosial aksiyalar təşkil edir.
Təmizlik həftəsi ilə əlaqədar keçirilən bu tədbir ictimaiyyətin geniş marağına səbəb olub və cəmiyyətin müxtəlif yaş qruplarını təmsil edən şəxslər IDEA-nın təşəbbüsünə qoşulublar. Çimərlik ərazisindəki tullantıların toplanmasında xüsusi fəallıq göstərənlər IDEA İctimai Birliyi tərəfindən xatirə hədiyyələri ilə təltif olunublar.
Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş iştirakçılar topladıqları tullantıları tərkibinə görə çeşidləyərək çimərliklərdə ən çox müşahidə olunan zibilləri aşkarlayıblar. Daha sonra bütün tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Mövsümündən asılı olmayaraq, IDEA İctimai Birliyi hər kəsi sahilyanı ərazilərin timsalında ətraf mühitin qayğısına qalmağa, ekoloji problemlərə qarşı aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır.