Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərdəkan və Binədə körpələr evi-uşaq bağçaları istifadəyə verilib
12/11/2015

Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan və Binə qəsəbələrində körpələr evi-uşaq bağçalarının açılışında iştirak ediblər.

Əvvəlcə Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçasının yenidənqurmadan sonra açılışı olub.

1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində 2015-ci ildə yenidən qurulub. Bina iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. 10 qrupun fəaliyyət göstərəcəyi bağçada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Müəssisə lazımi inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın inşasına görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sakinlər adından minnətdarlıq bildirilib.

X X X

Sonra Binə qəsəbəsində şəhid Ərəstun Bəylərov adına 84 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub.

1984-cü ildən fəaliyyət göstərən müəssisə Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində bu ilin may ayında sökülərək yerində ikimərtəbəli uşaq bağçası tikilib. On qruplu 109 yerlik müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.

Körpələr evi-uşaq bağçasında uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar var. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Bağçanın həyətyanı sahəsində müxtəlif attraksionlar quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq sahəsi salınıb.