“Sonsuz dəhliz” filmi “Eurochannel” kanalında nümayiş olunacaq
09/12/2015

Dekabrın 11 və 12-də beynəlxalq “Eurochannel” televiziya kanalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçiriləcək.

Filmin nümayişi haqqında məlumat “Eurochannel”ın veb saytında yerləşdirilib.

“Sonsuz dəhliz” filmi litvalı jurnalist Riçard Lapaytisin müharibə müxbiri qismində Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını işıqlandırmasından 20 il sonra Azərbaycana yenidən səfərindən bəhs edir. Riçard Lapaytis deyir ki, Xocalı qırğını haqda xatirələr onu hələ də izləyir.

“Xocalı faciəsi insanların digərlərinin taleyi ilə bağlı necə rüsvayçı və qeyri-insanı qərar verməsinin sübutudur”, - deyə rejissor Aleksandras Brokas film haqda danışarkən bildirib.

Xocalıda ölümün pəncəsindən xilas olanlar erməni bombardmanından qaçışlarını və öz əzizlərini təhlükəsiz hesab etdikləri “Sonsuz dəhliz”də necə itirdiklərini ürək dağlayan hekayələrlə xatırlayırlar.

Rejissorları Aleksandras Brokas və Mindaugas Urbonavicius olan, müasir Britaniya kinematoqrafiyasının əfsanəsi Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonsuz dəhliz” filmi beynəlxalq kino tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Bu film bir çox mükafatlar alıb, o cümlədən “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülüb.

“Sonsuz dəhliz” filminin “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Filmin nümayişi “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyası və İsrailin “Channel 1” televiziya kanallarında da baş tutub.

“Eurochannel” kanalının saytında Aleksandras Brokasın müsahibəsi də yer alıb. Müsahibə ilə bu link vasitəsilə tanış olmaq olar: http://www.eurochannel.com/en/Interview-with-Aleksandras-Brokas.html#sthash.vK9xhy1i.dpuf