Moskvada “Düzgün cavab” intellektual turniri keçirilib
22/12/2015

Moskva Gənclər Parlamentarizmi Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş “Düzgün cavab” intellektual turniri keçirilib. Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB), Moskva Gənclər Parlamentarizmi Mərkəzi və O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubunun təşkilatçılığı ilə keçirilən turnirin aparıcısı “Nə? Harada? Nə vaxt?” intellektual oyununun məşhur iştirakçısı, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov olub.

Moskva Gənclər Parlamentarizmi Mərkəzinin nümayəndəsi Sergey Martınov RAGB ilə əməkdaşlığı bundan sonra da davam etdirməyə və müştərək layihələr həyata keçirməyə hazır olduğunu söyləyib.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın sədri Leyla Əliyevanın turnir iştirakçılarına salamını çatdırıb: “RAGB-nin sədri Leyla Əliyeva tərəfindən qarşımıza qoyulmuş vəzifələrdən biri Azərbaycan gənclərinin Rusiya cəmiyyətinə inteqrasiyasını dəstəkləməkdir. Bununla əlaqədar, Moskva Gənclər Parlamentarizmi Mərkəzi ilə əməkdaşlıq etmək çox faydalıdır. RAGB yaxın vaxtlarda Rusiya və Azərbaycan gənclərinin yaxınlaşmasına yönəlmiş birgə layihələr həyata keçirilməsi barədə təkliflərlə çıxış edəcək”.

O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasının Azərbaycan klubunun sədri Əli Əliyev turnirin keçirilməsini dəstəklədiyinə görə RAGB-nin sədri Leyla Əliyevaya, həmçinin komandalara oyuna göstərdiyi marağa görə təşəkkürünü bildirib.

Turnirdə Moskvanın aparıcı ali məktəblərinin rusiyalı və azərbaycanlı tələbələrindən ibarət komandalar iştirak edib. Bir neçə saat davam edən intellektual mübarizədə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Atropat” komandası qalib gəlib.

Qaliblərə RAGB-nin İntellektual kuboku təqdim edilib.

Turnir iştirakçıları müxtəlif nominasiyalarda fərqləndirilib: “Dünyanı gözəllik xilas edəcək” nominasiyasında – Aytən Məmmədova (Plexanov adına Rusiya İqtisad Universitetinin “Plexanovtsı” komandası); “Zəka aydınlığı və çevikliyi” nominasiyasında – Qabil Əbdülrəhmanzadə (Rusiya Hökuməti yanında Maliyyə Universitetinin “Finansistı” komandası); “Qərarların müdrikliyinə görə” nominasiyasında – “Deti Femidı” komandası (O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Akademiyası); “Qələbə əzminə görə” nominasiyasında – “The Vışka” komandası (Ali İqtisad Məktəbi).

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin “Atropat” komandasının üzvü Ruslan Süleymanov turnirin ən erudisiyalı iştirakçısı seçilib.