Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri IV Qlobal Bakı Forumunun açılışında iştirak ediblər

Video

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri IV Qlobal Bakı Forumunun açılışında iştirak ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri IV Qlobal Bakı Forumunun açılışında iştirak ediblər
10/03/2016

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxildir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldın açıb.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Sonra Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Albaniya Prezidenti Buyar Nişani, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxış ediblər.

Daha sonra Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Foruma ünvanladığı məktub oxunub. Məktubu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq oxuyub.

Kanadanın Baş naziri Castin Trudeaunun, UNESCO-nun baş direktoru İrina Bokovanın Forum iştirakçılarına videomüraciətləri nümayiş etdirildikdən sonra Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış edib.

Sonda birgə foto çəkdirilib.