“Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində” layihəsinin təqdimatı olub
24/06/2016

İyunun 24-də IDEA İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində” layihəsinin təqdimatı olub.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılara IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın müraciəti oxunub. Müraciətdə biomüxtəlifliyin mühafizəsi sahəsində IDEA tərəfindən görülən işlər və “Məsuliyyətli ovçuluq” layihəsinin zəruriliyi barədə məlumat verilib. Qeyd edilib ki, ölkəmizdə ovçuluğun inkişafı müasir ov təsərrüfatlarının yaranmasına və yeni iş yerlərinin açılmasına şərait yaradıb. Bununla belə, bu sahənin ətraf mühitə zərərli şəkildə istismar edilməsi, bir çox hallarda nadir heyvan növlərinin öldürülməsi müşahidə olunmaqdadır.

“Məsuliyyətli ovçuluq – biomüxtəlifliyin keşiyində” layihəsi növbəti ov mövsümü ərəfəsində başlanacaq və ovlanması qadağan edilmiş heyvan növlərinin, o cümlədən miqrasiya edən quşların öldürülməsinin qarşısını almaq məqsədi daşıyacaq.

Müzakirələrdə çıxış edən iştirakçılar layihənin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Layihə çərçivəsində ovçuluq təsərrüfatlarının əməkdaşları üçün xüsusi təlimlər keçiriləcək, ovçularla maarifləndirmə işləri aparılacaq, xüsusi təbliğat-təşviqat materialları hazırlanacaq, yerli icmalarla görüşlər keçiriləcək. Həmçinin sosial şəbəkələrdə səhifələr, eləcə də “qaynar xətt” yaradılacaq.