Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
Leyla Əliyeva burada yaşayan ahıllarla görüşüb, onlarla söhbət edib.
Pansionat sakinləri üçün musiqi proqramı təqdim olunub.
Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpus istifadəyə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq bu pansionata baş çəkir, ahılların arzu və ehtiyacları ilə maraqlanır.
Heydər Əliyev Fondu uşaq evləri və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan şəxslərlə yanaşı, müntəzəm olaraq yaşlı insanlarla da görüşür, onların problemlərini, sağlamlıqlarını diqqətdə saxlayır. Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün konsertlər, bayram şənlikləri təşkil olunur.