Moskvada “Qanın milləti yoxdur” aksiyası keçirilib
09/11/2016

Noyabrın 9-da Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü olan bu tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kliniki transfuziologiya və hematologiya kafedrasında təşkil edilib.

Qanvermə aksiyası hər il iyunun 14-də Dünya Qan Donoru Günü keçirilir. Budəfəki aksiya qan xəstəliklərindən əziyyət çəkən adamlardan RAGB-nin rəhbərliyinə yardım göstərilməsi xahişi ilə çoxsaylı məktublar daxil olduğuna görə təşkil edilib. Çox təəssüf ki, müraciət edənlərin böyük əksəriyyəti donor qanına ehtiyacı olan uşaqlardır.

50-dən çox adam hemofiliyalı xəstələr və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün qan verib. Aksiyada Azərbaycan, Rusiya, Malayziya, Özbəkistan, Gürcüstan və başqa ölkələrdən tələbələr iştirak ediblər.