Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Mayın 19-da Bakıda yeni yaradılan Həyat Fondunun təqdimatı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Fondun yaradılmasında məqsəd Azərbaycanda mövcud olan, qədim tarixi əsaslara söykənən xeyriyyəçilik ənənələrinə yeni bir nəfəs qatmaq, yeni bir istiqamət verməkdir. Yardım etmək istəyən insanların və qurumların dəstəklərini yardıma ehtiyacı olan insanlara daha tez, səmərəli şəkildə çatdırmaq fondun fəaliyyətinin əsasını təşkil edəcək.
Həyat Fondu yardımsevər insanların ianələri vasitəsilə maliyyələşdiriləcək və fonda ianə vermək bir neçə vasitə ilə mümkün olacaq. Bütün mobil operatorlardan 999 qısa nömrəsinə zəng və SMS vasitəsilə, poçt, bank və ödəniş aparatları ilə, eləcə də fondun rəsmi internet səhifəsinə daxil olmaqla nəzərdə tutulan müvafiq bölmədən fondun və ya birbaşa ehtiyac sahiblərinin hesabına ödəmələr etməklə yardım etmək mümkün olacaq. Ehtiyacı olan insanlar Həyat Fondunun internet səhifəsinə daxil olaraq (www.heyatfondu.az) müvafiq bölmədə nəzərdə tutulan anketi doldurmaqla rəsmi müraciət edə biləcəklər. Eyni zamanda, ənənəvi məktub formasında müraciət etmək mümkün olacaq.
Həyat Fondunun həftədə bir dəfə olmaqla ATV telekanalında verilişinin yayımlanması da nəzərdə tutulub. Veriliş yardıma ehtiyacı olan insanların ehtiyaclarının ictimailəşdirilməsi, fondun dəstəyi ilə həyata keçirilən işlərin ictimaiyyətə çatdırılması məqsədini daşıyır.
Tədbirdə çıxış edənlər fondun yaradılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.