Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə İvanovo şəhərində RAGB-nin V Qış Liderlik Məktəbi açılıb.
Bu il məktəbin işində Rusiyanın Moskva, Sankt-Peterburq, İvanovo, Volqoqrad, Novosibirsk, Pskov, Vladimir, Rostov-Don, Həştərxan, Krasnodar diyarı, Dağıstan və digər regionlarının ali məktəblərində təhsil alan yüzdən çox rusiyalı və azərbaycanlı tələbə iştirak edir.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev, İvanovo şəhər Dumasının deputatı Andrey Maqnitski, “Yedinaya Rossiya” Partiyasının İvanovo regional bölməsinin İcraiyyə Komitəsinin rəhbəri Boris Murvanidze, Rusiya xalqlarının “Mı - Rossiyane” Gənclər Assambleyasının regional bölməsinin şura üzvü Elvin Məmmədov açılış mərasimində çıxış ediblər.
Qış Məktəbinin açılış mərasiminin sonunda məktəb iştirakçıları müxtəlif mahnılar və milli rəqslər ifa ediblər.
RAGB-nin V Liderlik Məktəbində tələbə ittifaqlarının, ictimai təşkilatların fəalları iştirak edir. Onlar 4 gün ərzində panel sessiyalarında, tematik treninqlərdə və ustad dərslərində iştirak edəcəklər. RF-nin istedadlı gənclərlə iş sahəsində aparıcı mütəxəssisləri Qış Məktəbinin iştirakçılarına öz ideyalarını necə həyata keçirmək, hazır layihəni necə təqdim etmək barədə məsləhətlər verəcək, natiqlik istedadına aid məşğələlər keçirəcəklər.