Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı" adlı sərginin açılış mərasimi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev sərginin konsepsiyası haqqında danışıb.
Sərginin yaradılma tarixindən söhbət açan kolleksiyaçı deyib: “Bu sərgi üç il əvvəl yaradılıb. Riqada – Latviya Milli Dekorativ Sənət Muzeyində, sonra Vilnüsdə – Litvanın Milli Dekorativ Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi”.
Sərgi təbiət və dəbin vəhdətinə həsr olunub. Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunur.
Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim edilir.
Sərgi zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir.
Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunur.
Sərgi dekabrın 2-dək davam edəcək.
Xatırladaq ki, bu, Aleksandr Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksesuarlar nümayiş olunmuşdu.