Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəblərin tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.
İyulun 24-dən 31-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Sonra nümayəndə heyətinin üzvləri ilə Gənclər və İdman Nazirliyində görüş keçirilib. Görüşdə gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında qonaqlara ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Nümayəndə heyətinin üzvləri səfər barədə təəssüratlarını bölüşüblər. Moskva şəhərinin mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev də görüşdə iştirak ediblər.
Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim olunub.
Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramov ilə görüşü keçirilib. Görüşdə Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Moskva Hökumətinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini ölkələrimiz və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb.
Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhərinin mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər.
Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Rusiyalı gənclər Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” və “Mini Azərbaycan” sərgiləri ilə tanışlıq da qonaqlarda xoş təəssürat oyadıb.
Nümayəndə heyətinin üzvləri Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfərlə bağlı təəssüratlarını bölüşüblər.
Növbəti günlərdə qonaqlar “JARA-2018” Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər. Rusiyalı gənclər, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, İçərişəhər, o cümlədən Qız qalası, Şirvanşahlar sarayı ilə tanış olublar.