Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Moskvada “Baku” jurnalının dəstəyi ilə Stalik Xankişiyevin Azərbaycan mətbəxinə həsr edilmiş “Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva, Arzu Əliyeva, Fyodor Bondarçuk, Yuli və Mixail Qusman qardaşları, Leonid Portnoy, Rusiyada fəaliyyət göstərən xarici ölkələrin səfirləri iştirak ediblər.
Mahir manqal və şiş ustası S.Xankişiyevin qələmindən çıxan və Azərbaycan mətbəxinin zənginliyindən bəhs edən kitabda daha çox manqal üzərində hazırlanan təamlardan söz açılır. Kitabın giriş hissəsində müəllif azərbaycanlı və əcnəbi aşpaz dostlarının Azərbaycan mətbəxi barədə fikirlərinə yer verib. Kitabda vurğulanan əsas fikirlərdən biri də odur ki, süfrənin gözəlliyi və yaddaqalan olması üçün hazırlanan hər bir təama xüsusi zövq və fantaziya ilə yanaşılmalıdır.
Müəllifin fikrincə, Azərbaycan mətbəxi zəngin olduğundan hazırlanan hər bir təamın özünəməxsus və əvəzolunmaz dadı var. Həmçinin, köz və manqalda hazırlanan kabablar da bənzərsiz dada malikdir. S.Xankişiyev bildirib ki, bu, hələ kitabın birinci cildidir. Yaxın vaxtlarda ikinci kitab da hazır olacaq. İkinci kitab da əsasən Azərbaycan mətbəxinə həsr olunacaq.
Təqdimat mərasiminin iştirakçıları tədbirin təşkilinə görə “Baku” jurnalının baş redaktoru Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tibb elmləri doktoru Yakov Brand uzun müddətdir həm “Baku” jurnalı, həm də Heydər Əliyev Fondu ilə dostluq etdiyini söyləyib: “Fond Azərbaycanda böyük işlər görür. Mən Fondun səhiyyə və təhsillə bağlı layihələri ilə tanışam. Əminəm ki, dünyada məsələlərə belə ciddi yanaşan və ölkəsi üçün bu qədər böyük işlər görən ikinci Fond yoxdur”.
Mossovet Teatrının aktyoru Aleksandr Lenkov isə deyib: “Belə buludlu bir gündə “Baku” jurnalı gözəl, günəşli axşam təşkil edərək, bizə növbəti bayram hədiyyə edib. Gözəl Azərbaycan xalqı ilə bağlı bütün işlər bu qədər gözəl keçir”.
Tanınmış müğənni Diana Qurskaya Leyla Əliyeva haqda xoş sözlər sğyləyib, onun böyük işlər gördüyünü, təşəbbüslərə dəstək olduğunu xatırladıb: “İndiki zamanda məhz belə insanlar çatışmır”.
Beləliklə, “Baku” jurnalının dəstəyi ilə keçirilən “Kazan, baran i dastarxan” kitabının təqdimat mərasimi Azərbaycan mətbəxinin dünyada daha da yaxşı tanıdılması istiqamətində vacib bir addım olub.