Bakı əlverişli təbii-coğrafi şəraitə malik Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin qərb sahilində yerləşir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına açılan amfiteatr şəklindədir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 27 m aşağıdır. İqlimi quru subtropikdir. Azərbaycan paytaxtı 2130 km ərazini əhatə etməklə 11 inzibati rayondan ibarətdir. Bakı təkcə Azərbaycanın deyil, həm də bütün Yaxın Şərqin iqtisadi və mədəni mərkəzlərindən biri olmuş qədim şəhərdir. Bakı şəhərinin ən erkən adlarına V-VIII əsrlərin qaynaqlarında Baqavan, Atli (Atşi) Baqavan və Atəşi-Baquan şəklində rast gəlinir. Bir sıra müəlliflərin fikrincə, bu adlar altında Bakı nəzərdə tutulur. Bağavan toponimi bir çox Hind-Avropa dillərində «Allah», «Günəş» mənası verən «Bağa» söz kökündən ibarətdir. Şəhərin müasir adına – Basu və ya Bashu (Bakı) – XVI əsrdən başlayaraq Qərbi Avropa səyyahlarının əsərlərində rast gəlinir. Rus mənbələrində Bakının adı «Baka» formasında verilir. Bir sıra müəlliflər hesab edirlər ki, Bakı qədim türk dilində “təpə” mənasını verən “Baku” sözündən götürülüb. Nəhayət, azərbaycanlılar özləri, o cümlədən Abşeron sakinləri öz şəhərlərini Bakı adlandırırlar. Şərqlə Qərb arasında körpü rolunu oynayan Bakı müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan kimi bütün zamanlarda dünyanın diqqət mərkəzində olmuşdur. Qədim zamanlardan başlayaraq Yaxın Şərq, Orta Asiya, habelə digər ölkələrlə dəniz və karvan yolları vasitəsi ilə iqtisadi və mədəni əlaqələr saxlayan şəhərin iqtisadiyyatında neft və duz hasilatı əsas yer tutmuşdur. Təşəkkül tapdığı dövrdə böyük yaşayış məntəqəsi olan bu şəhər sonralar mühüm ticarət və mədəniyyət mərkəzinə çevrilərək özünəməxsus inkişaf yolu keçmişdir. Sasanilər imperiyası (III-VII əsrlər) və Ərəb xilafəti (VIII-IX əsrlər) d.vründə Bakı Xəzər dənizinin sahilində liman şəhəri kimi böyümüş və beynəlxalq tranzit-ticarət mərkəzi rolunu oynamışdır. IX əsrin ikinci yarısından Azərbaycan Şirvanşahlar dövlətinin ən böyük liman və beynəlxalq tranzit-ticarət mərkəzinə çevrilən Bakı şəhəri 1192-ci ildən 1538-ci ilədək Azərbaycan Şirvanşahlar dövlətinin qış iqamətgahı və yaxud paytaxt funksiyasını daşıyır. 1538-ci ildən Bakı Azərbaycan Səfəvilər dövlətinin tərkibində idi. Səfəvi-Osmanlı müharibələri zamanı isə təxminən otuz il Osmanlı imperiyasına tabe olmuş, 1607-ci ildən yenidən Səfəvilərin hakimiyyətinə keçmişdi. 1747-ci ildə Nadir şah Əfşarın imperiyası süqut etdikdən sonra, 1748-ci ildən şəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı ilin oktyabrında çar Rusiyası tərəfindən işğal edilmiş Bakı şəhəri 1860-cı ildə quberniya mərkəzi idi. 1918-ci ilin sentyabrında Bakı müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilmişdir. 1920-ci il aprelin 28-də Sovet Rusiyasının 19 qoşunları tərəfindən işğal edilən Bakı şəhəri 1991-ci il oktyabrın 18-dək Azərbaycan SSR-in paytaxtı olmuşdur. Bakı şəhəri 1991-ci il oktyabrın 18-dən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının paytaxtıdır. Bakının ilk gerbi 1840-cı ildə təsdiq olunmuşdur. 1890, 1967-ci illərdə gerbdə müəyyən dəyişikliklər edilmiş və 2001-ci ildə sonuncu variantı qəbul edilmişdir. Bakı şəhərinin tarixi Azərbaycan xalqının ən qiymətli sərvətlərindən biri olan neftlə bilavasitə bağlıdır. Neftin dünya tarixində ilk dəfə strateji məhsul kimi aşkar və hasil edilməsi Azərbaycanda, Abşeron yarımadasında olmuşdur. 1847-ci ildə Bakıda neftin sənaye üsulu ilə çıxarılması üçün mexaniki üsulla ilk quyu qazılmışdır. Bakının məşhur Neft Daşları dünyada açıq dənizdə salınan ilk neft hasilatı şəhərciyidir. Əsası 1949-cu ildə qoyulmuş Neft Daşları Abşeron yarımadasından 110 km məsafədə yerləşir. Bakı Azərbaycanın təhsil, elm, mədəniyyət və idman mərkəzidir. Müsəlman Şərqində ilk opera, ilk balet, ilk universitet məhz bu şəhərdə yaradılmışdır. Bakı, eyni zamanda, böyük nəqliyyat qovşağına malikdir. Avtomobil və dəmir yolları Bakını Rusiya, İran və Gürcüstanla birləşdirir. Burada beynəlxalq və respublika əhəmiyyətli iki hava limanı vardır. Xəzər sahilində yerləşən Bakı digər liman şəhərləri ilə intensiv əlaqə saxlayır. 1967-ci ildən fəaliyyət göstərən Bakı metropoliteni geniş şəbəkəsi və arxitektura baxımından özünəməxsus milli koloriti ilə seçilir. Şərq və Qərb memarlıq üslubunun maraqlı vəhdəti Bakıya cəlbedici, ovsunlu mühit bəxş edir. Şəhərdə Şərq memarlıq üslubunda inşa edilmiş qədim tikililərin və Avropa memarlıq ənənələrini təcəssüm etdirən binaların ahəngdar uyğunluğu müşahidə olunur. İçərişəhəri Bakının qədim tarixçəsi hesab etmək olar. Eramızdan əvvəl Bakı İçərişəhər hüdudlarında, kompakt infrastruktura malik yaşayış məntəqəsi kimi inkişaf etmişdir. İçərişəhərdəki müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələri, Bakının rəmzinə çevrilmiş Qız Qalası (XII əsr), Şirvanşahlar sarayı (1420-1460) şəhərin salnaməsini yaratmışdır. İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kompleksi 2000-ci ildə YUNESKO-nun Dünya mədəni irs siyahısına daxil edilmişdir. Maraq doğuran abidələrdən biri də paytaxtdan 30 km aralı, Suraxanıda yerləşən, XVII əsrə aid od məbədi – Atəşgahdır. Vaxtilə təbii qazın çıxdığı yerdə inşa edilmiş bu məbədə dünyanın müxtəlif ölkələrindən, xüsusilə Hindistandan zəvvarlar gəlir, Atəşgahı müqəddəs yer kimi ziyarət edirdilər. Bakının keçmişinə bələdçilik edən ərazilərdən biri Qala kəndidir. Burada e.ə III minillikdən XX əsrə qədərki dövrə aid tarixi əhəmiyyət daşıyan arxeoloji və memarlıq abidələri mövcuddur. Açıq səma altında fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanışlıq burada yaşayan sakinlərin həyat tərzi, məişəti haqqında maraqlı məlumat əldə etməyə imkan verir. Qədim Bakının müasir ruhu da diqqəti çəkir. Zəngin tarixi izlərin yaşadığı şəhər həm də müasir meqapolisdir. Burada maraqlı üslubda inşa olunmuş çoxmərtəbəli binalar, muzeylər, teatr və konsert mərkəzləri, kilometrlərlə uzanan sahil zolağı – məşhur Bakı bulvarı, gözəl parklar, zəngin milli mətbəxlə yanaşı, dünya mətbəxini peşəkarlıqla təqdim etməyi bacaran restoran və kafelər, istirahət mərkəzləri vardır. Bakı ictimai maraqların kəsişdiyi şəhər kimi də tanınır. Burada keçirilən beynəlxalq konfranslar, festivallar, sərgilər, biznes toplantıları, idman yarışları Azərbaycan paytaxtının regional əhəmiyyətini bir daha təsdiq edir. Bakı haqqında ən xoş təəssüratı isə, yəqin ki, yerli sakinlər yaradır. Qonaqpərvər bakılıların xoş münasibəti bu şəhərə gələn istənilən qonağın Bakı təəssüratını unudulmaz edir.
© 2013 Leyla Əliyevanın rəsmi internet səhifəsi.
Bütün hüquqlar qorunur. İstifadə zamanı istinad vacibdir.