Gəncə-Qazax regionu respublikanın qərbində yerləşir. Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir.
Gəncə-Qazax regionu respublikanın qərbində yerləşir. Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir.
Gəncə-Qazax regionu respublikanın qərbində yerləşir. Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir.
Gəncə-Qazax regionu respublikanın qərbində yerləşir. Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan şəhərlərini əhatə edir. Bu region qədim Daş dövründən insanların yaşayış məskəni olmuşdur. Qazax rayonu ərazisindəki Aveydağda aşkar olunmuş mağaralar, Daş Salahlı, Damcılı və digər arxeoloji abidələrdə tapılmış maddi-mədəniyyət nümunələri bunu təsdiq edir. Qafqazda erkən əkinçilik mədəniyyətinə aid ən qədim yaşayış məskənlərindən sayılan neolit dövrü Töyrətəpə, Həsənsu (Ağstafa rayonu), Göytəpə (Tovuz rayonu) abidələrində aşkar olunmuş yaşayış və təsərrüfat tikililərinin tarixi isə eramızdan əvvəl 7-ci minilliyə bağlanır. Daşkəsən və Gədəbəy rayonlarının ərazisindəki tarixi mədəniyyət abidələri Azərbaycan tarixinə eramızdan əvvəl XIV-VII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi daxil olmuşdur. Ağstafa rayonunda yerləşən Keşikçidağ mağaralar kompleksindən ibarət “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu təkraredilməz relyefə malik və çoxsaylı tarixi abidələrlə zəngin ərazini əhatə edir. Azərbaycanın bu qədim yaşayış məskənində aparılmış tədqiqatlar nəticəsində burada yerləşən təbii mağaraların 2 min il yaşı olduğu, süni mağaraların isə VIII-XV əsrlərə təsadüf etdiyi məlum olub. Ərazidəki ilkin orta əsrlərə aid olan qala müdafiə məqsədilə tikilmişdir. “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda 70-ə qədər mağara, 1 qala, 1 məbəd, 1 inanc yeri bu günə qədər qorunub saxlanılmışdır. Şəmkir çayı sahilində yerləşən orta əsr Şəmkir şəhərinin möhtəşəm qala divarları insanda böyük təəssürat doğurur. Daşkəsən rayonu Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri, “Yumurtalı”, “Narzan”, “Turşsu”, “Qiblə”, “Qayğı” kimi müalicəvi əhəmiyyətli mineral bulaqları, yaşı yüzilliklərlə ölçülən nadir təbii abidələri – çinar ağacları ilə məşhurdur. Bəzi çinarların yaşı 1200-1300 ilə çatır. Rayondakı Qafqazda ehtiyatlarına görə ən böyük dəmir filizi yatağı və zəylik alunit yatağı regionun iqtisadiyyatında mühüm yer tutur. Bütün d.vrlərdə nadir hesab olunan və 1910-cu ildə Qafqaz təbiətində ilk dəfə qoruq ərazisi elan edilmiş Eldar şamı (Pinus eldarica) meşəliyi isə Samux rayonundadır. Bu meşəlik dəniz səviyyəsindən 400-600 m yüksəklikdə yerləşir. Əlverişli təbii şəraitə malik Gəncə-Qazax regionu mənzərəli dağ-meşə landşaftı, zəngin flora və faunası ilə tanınır. Kür çayı sahili boyunca uzanan tuqay meşələri xüsusi eko-sistem yaradır. Bu regionda “Qırmızı kitab”a düşmüş bir çox nadir heyvan və quş növləri məskunlaşmışdır. Kiçik Qafqazın dağlıq zonasında, dəniz səviyyəsindən 1000 m hündürlükdə, meşəli dərəlikdə yerləşən Hacıkənd kurort zonası, Kəpəz dağı və onun ətrafındakı yeddi göl: Göygöl, Maralgöl, Qaragöl, Ayı gölü, Çili gölü, Quş gölü, Zəli gölü əsrarəngiz gözəlliyi ilə məşhurdur. 1139-cu ildə zəlzələ nəticəsində Kəpəz dağı ətəyində yaranan Göygölü təbiət möcüzəsi hesab etmək olar. Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşən gölün uzunluğu 2800 m, dərinliyi 96 m, eni isə 1000 m çatır. Şəffaflığı ilə seçilən Göygölün görünmə qabiliyyəti 13 metrə çatır. Maraqlıdır ki, gölün üç hissədən ibarət tam fərqli su qatları (şirin su qatı, keçid qatı, zəhərli kükürd qatı) bir-birinə qarışmır. Göl sərt dağ yamacları boyunca sıx palıd, şam, vələs meşələri ilə əhatə olunmuşdur. Zəngin flora və faunaya malik gölün ətrafındakı meşələrin, faunanın qorunması, göl suyunun təmiz saxlanılması məqsədi ilə 1925-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu, 2008-ci ildə isə qoruğun bazasında Göygöl Milli Parkı yaradılmışdır. Dünyada çıxarılan yeganə müalicə nefti haqqında ilk yazılı məlumat XII əsrə təsadüf edir. Azərbaycanı dünyada məşhur edən bu neft Naftalanda çıxarılır. Orta əsrlərdə bir çox şair və səyyahların əsərlərində adı çəkilən Naftalan neftini Asiyanın müxtəlif ölkələrinə aparan xüsusi tacirlər təbəqəsi yaranmışdı. Müalicəvi neft sümük-oynaq, sinir-əzələ, dəri, ginekoloji xəstəliklərin müalicəsi üçün istifadə olunur. Buraya gələn xəstələrin əksəriyyəti şəfa tapıb qoltuq ağaclarını qoyub getdiklərinə görə, kurort şəhəri Naftalanda dünyada yeganə olan bir muzey – qoltuq ağacları muzeyi yaradılmışdır. Gəncə şəhəri Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Tariximizin böyük intibah dövrü hesab olunan X-XII əsrlərdə bu şəhər dünya mədəniyyətinə dahi Nizami Gəncəvi, Əbul-üla Gəncəvi, Məhsəti Gəncəvi kimi şairlər bəxş etmişdir. Nizami Gəncəvinin məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, İmamzadə tikililər kompleksi, Şeyx İbrahim məqbərəsi, karvansara və s. Gəncənin maraqlı tarixi memarlıq abidələridir. Bu region folklor sənətinin xüsusi növü olan aşıq sənətkarlığının əsas mərkəzlərindən hesab olunur. Xalq sənəti növlərinin qorunub saxlanıldığı regionda xalçaçılıq, metal üzərində döymə, ağac və daş üzərində oyma sənət növləri özünəməxsus milli ornamentləri ilə seçilir.