Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Quba-Xaçmaz regionu Azərbaycanın şimal-şərqində yerləşir. Tərkibinə Xaçmaz, Quba, Qusar, Dəvəçi və Siyəzən inzibati rayonları daxildir. Bu bölgə e.ə. IV əsrdən - eramızın VIII əsrinədək Azərbaycan Albaniya dövlətinin, 861-1538-ci illərdə Şirvanşahlar dövlətinin, 1538-1736-cı illərdə Azərbaycan Səfəvilər dövlətinin, 1748-1810-cu illərdə Quba xanlığının tərkibində olmuşdur. 1806-cı ildə Quba xanlığı çar Rusiyası tərəfindən işğal edilmişdir. 1837-ci ildə Qubada çarizmin müstəmləkə siyasətinə qarşı kütləvi üsyan baş vermişdir. Regionun mütləq yüksəkliyi Xəzər dənizi sahilində mənfi 27 metrdən Bazardüzü dağında 4466 metrədək artır. Tarixi abidələrlə zəngin region Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Dəvəçi rayonu ərazisində Azərbaycan şəhərsalma mədəniyyətinin əvəzsiz nümunəsi olan Şabran şəhərinin qalıqlarını seyr edə bilərik. VI əsrdə əsası qoyulan Şabran şəhəri mədəni, ticarət, inzibati mərkəz olmuşdur. Böyüklüyünə görə Şərqdə Təbrizdən sonra ikinci şəhər olan Şabran XVIII əsrdə zəlzələ nəticəsində yer üzündən silinmişdir. Dəvəçi rayonunda digər əhəmiyyətli arxeoloji abidə V–VI əsrlərə aid Gilgilçay səddidir. Vaxtilə 135 km–ə qədər uzanan Gilgilçay səddi dörd hissədən ibarət olmuşdur. Babadağa qədər uzanan səddin hündürlüyü 5–7 m, bəzi yerlərdə 7–11 metrə çatırdı. Bu müdafiə səddinə bir neçə böyük qala, o cümlədən V–VI əsrlərə aid edilən Çıraqqala da daxil idi. Çıraqqala təkcə tarixi yaşı ilə deyil, həm də qoynunda şəfa qaynağı olan bulaqları ilə məşhurdur. Zəngin təbii-rekreasiya ehtiyatlarına malik Quba-Xaçmaz regionu landşaftın rəngarəngliyi, əlverişli iqlimi, məşhur alma bağları, qumlu dəniz sahilləri, dənizlə sərhədlənən meşəli dağları, mineral suları ilə tanınır. Quba rayonunun Xaltan və Cimi kəndləri ətrafındakı termal mineral bulaqlar, Dəvəçi rayonunda Qalaaltı müalicə suyu və onun əsasında yaradılmış müalicə mərkəzləri ilboyu fəaliyyət göstərir. Dəvəçi rayonunun Nohurlar kəndi yaxınlığında möcüzəli dağ gölləri vardır. Yeddi göldən ibarət olan bu ucqar ərazi dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşir. Xaçmaz rayonunda Xəzər dənizi sahilində 35-40 km məsafədə uzanan Nabran-Yalama zonası Azərbaycanda sevimli yay istirahət yerlərindən biridir. Qumsal çimərliklərin meşə zolaqları ilə əvəzlənməsi bu yerləri bənzərsiz edir. Quba rayonundakı Qəçrəş meşəliyi, dərinliyi 400-600 metrə çatan kanyonvari Təngəaltı dərəsi, Afurca çayının yaxınlığında hündürlüyü 80 metrə çatan əzəmətli şəlalə və Pirbənövşə şəlaləsi gözəl təbiət mənzərələri yaradır. Regionun fərqli cəhətlərindən biri də uca dağ zirvələrinin həmişə qarla və dağ buzlaqları ilə örtülü olmasıdır. Bu dağlar buz və qayalıq alpinizmi, dağ xizəkçiliyi həvəskarlarının sevimli yerinə çevrilmişdir. Qubanın Xınalıq kəndi Avropanın ən uca dağ kəndi sayılır. Kənd rayon mərkəzindən 65 km məsafədə, dəniz səviyyəsindən təqribən 2200 metr yüksəklikdə yerləşir. Sayı təqribən 2,5 min nəfərdən ibarət olan xınalıqlılar yalnız Xınalq kəndində yaşayırlar. Onların öz dili, özünəməxsus yaşam tərzi vardır. Regionda həmçinin ləzgilər, dağ yəhudiləri, tatlar da yaşayırlar. Quba qədim dövrdən özünün xalçaları ilə dünyada tanınmışdır. Quba xalçalarının bəzəyini həndəsi naxışlardan ibarət ornamentlərin stilizə edilmiş nəbati, bəzən isə heyvan motivləri təşkil edir. Quba qrupu xalçalarının ən parlaq kompozisiyaları “Köhnə Quba”, “Qədim-Minarə”, “Qımıl”, “Alpan”, “Qollu-çiçi”, “Xırdagülçiçi”, “Pirəbədil”, “Yerfi”, “Hacıqayıb”, “Qrız”, “Qonaqkənd” və başqalarıdır. Bu regionda toxunan xalçalar bir sıra dünya muzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.